Futzal üzrə UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünün reqlamenti müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yeni mövsümün ilkin və əsas mərhələsinin püşkü iyulun 7-də atılacaq, yekunda isə qalib “dördlər finalı” ilə müəyyənləşəcək.
Yarış ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq və mini-turnir şəklində keçiriləcək.
UEFA-nın milli komandalar üçün açıqlanan reytinq cədvəlində üst sıralarda yer alan Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiyanın hər biri iki, qalan ölkələr bir komanda ilə təmsil olunacaq. Xorvatiya üçün bu şansın yaranmasına səbəb reytinq cədvəlinin ikinci pilləsində yer alan Rusiya millisinin və klublarının UEFA bayrağı altında 2022-2023-cü il mövsümündə təşkil olunacaq yarışlardan kənarlaşdırılmasıdır.
Sonuncu qalib İspaniyanın “Barsa” komandası və klub reytinqində 1-dən 11-dək, eləcə də 16-dan 19-dək olan pillələrdə yer alanlar A yolunda çıxış edəcək. 16 komanda hər birində 4 iştirakçı olmaqla dörd qrupa bölünəcək. İlk üç pilləni tutan klublar elit-raunda yüksələcək.
Qalan klubların bir qismi, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq komandalar B yolunda gücünü sınayacaq. Burada da 16 klub hər birində 4 iştirakçı olmaqla dörd qrupa səpələnəcək. Yekunda cəmi dörd – hər qrupdan bir komanda elit raundda oynamaq hüququna sahib çıxacaq. Elit raundda 16 komanda iştirak edəcək. Onlar da yenidən hər birində 4 iştirakçı olmaqla dörd qrupa bölünəcək. Yalnız qrup qalibləri “Dördlər finalı”na vəsiqə qazanacaqlar.
İlkin və əsas mərhələnin püşkatması iyulun 7-də, ilkin mərhələ avqustun 23-28-də, əsas mərhələ oktyabrın 25-30-da, elit raundun püşkatması noyabrın 8-də, elit raund noyabrın 22-27-də, final mərhələsi aprel, may aylarında keçiriləcək.