Beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Beynəlxalq Şahmat turnirində ikinci turun oyunları keçirilib.
Naxçıvan Şahmat Mərkəzində keçirilən beynəlxalq turnirdə dörd ölkədən, Azərbaycan, Türkiyə, İran və Ukraynadan olmaqla müxtəlif yaş kateqoriyasında 214 zəka sahibi mübarizə aparır.
İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 16 titullu zəka sahibi ilə bərabər yeniyetmə şahmatçılar da mübarizə aparır.
Muxtar respublikamızı isə turnirdə 81 şahmatçı təmsil edir ki, onlardan da 4-ü titullu şahmatçılardır.
Bu gün keçirilən ikinci turun nəticələrinə əsasən ilk iki görüşünü qələbə ilə bitirən zəka sahibləri arasında muxtar respublika şahmatçılarından Beynəlxalq ustalar Talıb Babayev, Toğrul Həsənzadə, Pərviz Qasımov və FİDE ustası Sadiq Məmmədov da yer alır. İkinci turdan sonra isə turnir cədvəlinə 2425 reytinq xalına malik türkiyəli qrosmeyster Kıvanc Haznedaroğlu başçılıq edir.
Qeyd edək ki, mayın 14-dək davam edəcək turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.
Rəmzi Tahirli