Gənclərin muzeylərə ekskursiyası təşkil olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə bir qrup gəncin Döyüş Şöhrəti Muzeyinə və Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyası təşkil edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, əvvəlcə Döyüş Şöhrəti Muzeyində olan gənclərə burada nümayiş etdirilən texnikalar haqqında ətraflı məlumat verilib.
Sonra gənclər muzeydə nümayiş etdirilən, müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilən texnikalarla daha yaxından tanış olublar.
Gənclərin növbəti ziyarəti isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərində fəaliyyət göstərən ev muzeyinə olub.
Muzeyin bələdçisi gənclərə muzey haqqında məlumat verərək bildirib ki, Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi və muzeyinin yaradılması ideyası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cəmşid Naxçıvanskinin ev muzeyi 2019-cu ildə yenidən qurularaq istifadəyə verilib. Muzeyin ekspozisiya zalları ilə tanış olan gənclər sərkərdənin həyat və fəaliyyətini əks etdirən fotoşəkilləri, nümayiş olunan orden və medalları, müxtəlif sənədlər, məktub və əlyazmaları, Cəmşid Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının keçdiyi döyüş yoluna həsr olunmuş məqalələri, kitabları maraqla qarşılayıblar.