“Heydər Əliyev Kuboku” “Naxçıvan” komandasına təqdim edilib - FOTOLAR

A- A A+

Ümummilli Liderimizin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev Kuboku” uğrunda muxtar respublika turniri Naxçıvan Dövlət Universitetinin idman kompleksində keçirilib. İki gün davam edən yarış ümumtəhsil müəssisələrinin basketbol idman klublarını əhatə edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Gənclər və İdman, Təhsil nazirlikləri ilə Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, muxtar respublikada basketbolun inkişafına töhfə vermək, bu idman növünə olan marağı artırmaq, kütləviliyə nail olmaq və idmançıların hazırlıq səviyyəsini yüksəltmək məqsədilə keçirilib. 8 komandanın mübarizəsində qalib və mükafatçılar olimpiya sistemi əsasında müəyyənləşib.

Turnirin rəsmi açılış mərasimində milli musiqi və rəqs nümunələrindən ibarət konsert proqramı təşkil olunub.

Sonra final görüşünə start verilib. Həlledici matçda “Ordubad”ı 31:15 hesabı ilə məğlub edən “Naxçıvan” əsas mükafata sahib çıxıb. Ordubadlılar ikinci olublar. “Şərur” isə yarışı üçüncü sırada tamamlayıb.

Mükafatlandırmadan öncə gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Elbrus İsayev çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkə idmanının inkişafı yolundakı əvəzsiz xidmətlərindən bəhs edib, dahi şəxsiyyətin idmançılara daim himayədarlıqla, qayğı ilə yanaşdığını diqqətə çatdırıblar.

Bildirilib ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında müasir idman mühiti yaradılıb. Yenilənən idman infrastrukturu sayəsində əhalinin, xüsusən də, gənc nəslin bu sahəyə marağı daha da artıb, istedadlı idmançı nəsli yetişib və onların beynəlxalq arenaya çıxışı təmin olunub. Naxçıvan basketbolunun inkişafı istiqamətində də məqsədyönlü addımlar atılıb. Hakim və məşqçi hazırlığı, idmançıların təcrübə artımı və beynəlxalq əlaqələrin genişləndirilməsinə diqqət yetirilib.

Çıxış edənlər muxtar respublikada gənclərin hərtərəfli inkişafı və idmana göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Sonra ilk üçlükdə qərarlaşan komandalar və üzvləri diplom və hədiyyələrlə təltif olunublar. Turnirin əsas mükafatı - “Heydər Əliyev Kuboku” “Naxçıvan” komandasına təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: