Yeni Azərbaycan Partiyasının üzvləri arasında Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda muxtar respublika turniri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 18-35 yaşlı partiya üzvlərini əhatə edən turnirin görüşləri Uzunoba Təlim-Məşq İdman Kompleksinin üstüörtülü minifutbol meydançasında keçirilib. İki gün davam edən mübarizədə mükafatçılar olimpiya sisteminə əsasən müəyyən edilib.
Səkkiz komandanın qatıldığı yarışda “Babək”lə oyunda qalib gələn “Şərur” üçüncü olub. “Culfa” isə həlledici final qarşılaşmasında “Şahbuz”dan üstün olmaqla turniri qalib kimi tamamlayıb. Şahbuzlu partiya üzvləri ikinci yerlə kifayətləniblər.
Sonda ilk üçlükdəki komandaların üzvləri diplomla təltif edilib. Turnirin əsas mükafatı “Culfa” komandasına təqdim olunub.
Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, gənc partiya üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və minifutbola olan marağın artırılmasıdır.