Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkatma mərasimi təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, “Hilton Hotel”də baş tutan tədbirə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, qurumun vitse-prezidenti Sergey Soloveyçik, idman direktoru Vladimir Barta, hakimlər üzrə direktor Xuan Karlos Barkos, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, təşkilatın baş katibi Elmar Babanlı, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zaur Mütəllimov, olimpiya çempionu Nazim Hüseynov və iştirakçı ölkələrin nümayəndələri qatılıblar.
Əvvələcə IJF-nin Bakıda təşkil olunacaq yarışla bağlı hazırladığı tanıtım videoçarxı təqdim olunub. Daha sonra qonaqları salamlayan M.Vizer gözəl təşkilatçılığa görə Azərbaycan Cüdo Federasiyasına (ACF) təşəkkür edib. “Ən yaxşı və güclü olan qalib gəlsin! İdmançılara uğurlar arzulayıram” deyən ali cüdo qurumunun rəhbəri yarışa marağın böyük olduğunu və Bakıda ən yaxşı dünya çempionatlarından birinin keçiriləcəyinə əminliyini vurğulayıb.
S.Soloveyçik də təşkilatçılıqdan məmnunluğunu ifadə edib: “Sizi Bakıdakı dünya çempionatında salamlayıram. Gözəl təşkilatçılığa görə ACF-in prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir”.
E.Babanlı isə çıxışında cüdo üzrə dünya çempionatının Azərbaycan üçün tək yarış yox, həm də tarix olduğunu söyləyib. O, mundial iştirakçılarına uğurlar arzulayıb.
Ardınca kompyuter vasitəsi ilə 460 kişi və 298 qadın cüdoçunun qatılacağı dünya çempionatının püşkü atılıb. Püşk zamanı hər çəki dərəcəsində reytinqdə ilk “8-lik”də yer alan idmançılar fərqli qruplara paylanıblar. Rəqiblər isə avtomatik olaraq müəyyənləşib. Kişilər 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq, qadınlar isə 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq çəki dərəcələri üzrə mübarizə aparacaqlar.
Püşkə əsasən, qarışıq komanda yarışlarında 19 ölkə mübarizə aparacaq. Azərbaycanın ilk rəqibi Avstriya yığması olacaq. Milli bu rəqibi üstələyərsə, növbəti raundda Yaponiya - Monqolustan cütünün qalibi ilə qarşılaşacaq.