İnşa-yazı müsabiqəsinin qalibləri qazilərlə görüşüb - FOTOLAR
Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən “Qalib Azərbaycan, azad Qarabağ” adlı inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşdirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vətən müharibəsi qazilərinin iştirakı ilə keçirilən görüşdə qaliblər mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə əvvəlcə vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Nurlan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli bildiriblər ki, Vətən müharibəsində igidlik nümayiş etdirən hər bir Azərbaycan oğlu bizim qəhrəmanımızdır. Şəhidlərimizin, qazilərimizin döyüş yolu gənclərimiz üçün nümunədir. Tarixi qələbəmizin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən qazilərimizlə görüşlər bundan sonra da keçiriləcək.
Görüşdə iştirak edən Vətən müharibəsi qaziləri Əli Əlisoy, Əmrah Məmmədov, Uğur Əliyev, Vidadi Məmmədov və Əyyub Sadiqov Vətən müharibəsi dövründə xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildiriblər. Azad olunan torpaqların bugünkü gənclərə əmanət olunduğunu vurğulayan qazilər onlara vətəni daima uca tutmağı tövsiyə ediblər.
Qeyd edək ki, bu il aprelin 11-də Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Qalib Azərbaycan, azad Qarabağ” adlı inşa-yazı müsabiqəsi keçirilib. Görüş zamanı müsabiqənin qaliblərinə diplom və hədiyyələr verilib. Həmçinin Vətən müharibəsi iştirakçılarına təşəkkürnamələr təqdim olunub.
Çay süfrəsi ətrafında davam edən görüşdə gənclər qazilərlə səmimi söhbətlər aparıb, onların şərəfli döyüş yolu ilə tanış olublar.
Sevgili Mustafazadə