Qadın güləşçilərimiz Qazaxıstanın Almatı şəhərində keçirilən Bolat Turlıxanov kubokunda iştirak ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, reytinq turnirində ölkəmizi altı qadın güləşçi təmsil edib.
Əlli kiloqram çəki dərəcəsində iki təmsilçimiz dörddəbir final mərhələsindən mübarizəyə qoşulub. Şəhanə Nəzərova qazaxıstanlı Aygül Nuralimə, Türkan Nəsirova isə monqolustanlı Namuuntsetseq Tsoq-Oçirə məğlub olub. Türkanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz bürünc medal görüşünə çıxıb. Aygül Nuralimə minimal fərqlə (4:3) qalib gələn Nəsirova yarışı üçüncü pillədə başa vurub.
53 kiloqramda Tatyana Varansova ilk mərhələdə özbəkistanlı Aktenqe Keunimjaevaya uduzub. Bu çəkidəki digər təmsilçimiz Leyla Qurbanova hindistanlı Puca Gehlota 7:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında monqolustanlı Bolortuya Bat Oçirlə bacarmayıb. Həmyerlimiz qazaxıstanlı Aişə Ualişanı “tuşe” ilə üstələyərək bürünc medalı boynundan asıb.
Jalə Əliyeva (59 kq) A qrupunda mübarizə aparıb. Jalə Tsoqzolmaa Dorjsuren (Monqolustan), Ayşən İsmagülova (Qazaxıstan) və Difuzə Aimbetova (Özbəkistan) üzərində qazandığı qələbələrlə qrup qalibi kimi yarımfinala yüksəlib. Qazaxıstanlı Diana Kayumovaya 8:6 hesabı ilə qalib gələn Jalə Əliyeva finala vəsiqə qazanıb. Həlledici görüşdə hindistanlı Sarita Saritaya uduzan idmançımız turniri gümüş medalla başa vurub.
Elis Manolova (65 kq) qrup mərhələsində Manişa Manişa (Hindistan), Dinora Rüstəmova (Özbəkistan) və Yelena Şaliginadan (Qazaxıstan) güclü olub. Yarımfinalda Qazaxıstanın digər təmsilçisi Qauxar Mukatayı 9:1 hesabı ilə məyus edən millimizin üzvü finalda yenidən Manişa Manişayla qarşılaşıb. O, həlledici qarşılaşmada uduzaraq komandamızın hesabına gümüş medal yazıb.
Beləliklə, millimiz reytinq turnirində 2 gümüş və 2 bürünc medal əldə edib.
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız daha nüfuzlu yarış olan Matteo Pellicone turnirində iştirak edəcək.
İyunun 22-dən 25-dək İtaliyanın paytaxtı Romada keçiriləcək sayca üçüncü reytinq turnirinin nəticələrinə əsasən, sentyabrda Serbiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək heyət müəyyənləşəcək.