İdmançılarımız Bakıda keçirilən yarışlardan 27 medalla geri döndü - FOTOLAR
Sərhədçi İdman Olimpiya Mərkəzində MMA, pankration və qrepplinq üzrə Azərbaycan birinciliyi və çempionatı, həmçinin respublika turniri (8-9 və 10-11 yaşlılar) keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bakı və bölgələri təmsil edən komandalar, eləcə də 60-dan çox klubdan ümumilikdə 900-dən çox idmançının öz qüvvəsini sınadığı yarışlarda muxtar respublikanı Naxçıvan Kikboksinq Federasiyasının sədri, İdman ustası Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 24 idmançısı təmsil edib. İdmançılarımızdan 22-si mükafatçılar sırasına düşüb.
11 yaşlı Əbülfəz Cəfərov 44 kq çəki dərəcəsi üzrə həm pankration, həm də qrepplinq növündə qızıl medal əldə edərək ikiqat sevinc yaşayıb. Dünya çempionu Sadiq Kərimov (2008-ci il, 47 kq) MMA növündə birinciliyi əldən verməyib. Mətin Tapdıqov, İbrahim Əliyev, Qalib Qaybalıyev, Asim Kərimli qrepplinqdə, Onur Əliyev, Tunar Abdullayev və Sinan Nəsirli isə pankrationda birinci olublar. Nəticədə Naxçıvan idmançıları 10-u qızıl, 9-u gümüş, 8-i bürünc olmaqla, ümumilikdə 27 medal qazanıblar.