“Araz-Naxçıvan” PFK I divizionda mübarizə aparacaq - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan saray” otelində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yeni baş məşqçisi Azər Bağırov və klubun futbol akademiyasının direktoru Adil Şükürovun təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə “Araz-Naxçıvan”ın 55 illik yubiley tədbirlərinin keçirilməsinə verdiyi dəstəyə görə bir sıra dövlət qurumları xüsusi plaketlərlə təltif olunub. Mükafatları klubun idarə heyətinin üzvləri Hümbət Qəhrəmanov və Tural Hüseynəliyev təqdim ediblər.
Sonra çıxış edən Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev məşqçiləri qonaqlara təqdim edib, onlar barədə ətraflı məlumat verib, Naxçıvanda futbolun inkişafı məqsədilə aparılan məqsədyönlü tədbirlərdən danışıb.
Növbəti mövsümdə Azərbaycan Birinci Divizionunda mübarizə aparacaq “Araz-Naxçıvan” klubu yeni baş məşqçi Azər Bağırovla 3 illik müqavilə imzalayıb.
Təqdimat zamanı hər kəsə təşəkkürünü bildirən Azər Bağırov növbəti mövsümdə Naxçıvan təmsilçisinin əsas məqsədinin çempionluq olduğunu vurğulayıb. “Araz-Naxçıvan”nın yeni baş məşqçisi qeyd edib ki, klubun qarşısında duran əsas vəzifələrdən biri Naxçıvanda istedadlı gənc futbolçuları yetişdirmək, onları Azərbaycan futboluna bəxş etməkdir. Qeyd olunub ki, komandanın heyətində gənc və istedadlı futbolçular var. Onları lazımi qaydada hazırlamaq və oyun təcrübələrini artırmaq üçün klub tərəfindən uzunmüddətli plan hazırlanıb. Bu plan-proqramla tanışlıqdan sonra Naxçıvan təmsilçisi ilə razılıq əldə edilib. Naxçıvan Futbol Federasiyasının və “Araz-Naxçıvan”ın qarşısına qoyduğu məqsəd böyükdür və bu, mərhələli şəkildə həyata keçiriləcək.
“Araz-Naxçıvan” futbol akademiyasının yeni direktoru Adil Şükürovla klub arasında da 3 illik müqavilə imzalanıb. Təqdimat mərasimində çıxış edən yeni direktor bildirib ki, bu, çətin olduğu qədər, həm də məsuliyyətli işdir. Naxçıvan futbol ictimaiyyətinin, federasiyanın, eləcə də klubun dəstəyi ilə muxtar respublikada yeni uğurlara imza atılacaq. Məqsəd burada istedadlı uşaqları üzə çıxarmaq, onları futbolumuza qazandırmaqdır.
Qeyd edək ki, hər iki məşqçi peşəkar kateqoriyalı məşqçidir.
Tədbirdə federasiyanın və klubun idarə heyətinin üzvləri fikirlərini bildirib, yeni məşqçilərə uğurlar arzulayıblar.
Sonra Azər Bağırov və Adil Şükürovun məşqçilərlə görüşü keçirilib, fikir mübadiləsi aparılıb və məşqçilərə mükafatlar təqdim edilib.
Tədbirdə həmçinin klubun 55 illiyi münasibətilə keçirilən “Bir uşaq, bir top” festivalında iştirak edən könüllülərə təşəkkürnamələr təqdim edilib.
Aygün Hüseynova