İdmançılar muzeylərdə ekskursiyada olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzvləri bir sıra muzeyləri ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının məşqçi-müəllim və idmançıları Milli Dəyərlər Muzeyində ekskursiyada olublar.  Muzey bələdçisi bildirib ki, muzey 2019-cu ildə istifadəyə verilib. Hazırda muzeyin fondunda 300-ə yaxın eksponat vardır. Ekspozisiyada milli dəyərlərimizi əks etdirən dəyərli eksponatlar, o cümlədən milli geyimlərimiz, xalqımızın həyat tərzini əks etdirən qədim əşyalar, xalçaçılıq və milli musiqi mədəniyyətimizə aid nümunələr nümayiş olunur.

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının məşqçi-müəllim və idmançıları Yusif Küseyir oğlu türbəsində ekskursiyada olublar. Bildirilib ki, tarixi abidə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1162-ci ildə inşa edilib. Azərbaycanın qülləvari türbələri içərisində üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatan yeganə abidə olan Yusif Küseyiroğlu türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2020-ci ildə bərpa olunub.

Naxçıvan Duz Muzeyində olan Paralimpiya Federasiyasının üzvlərinə isə məlumat verilib ki, muzeydə yüzdən artıq eksponat nümayiş etdirilir. Burada duzdan hazırlanmış müxtəlif əl işləri, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar muzeyin maraqlı eksponatlarındandır. Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının kollektivi isə Kəngərli rayonundakı Qarabağlar Türbə  kompleksində ekskursiyada olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin müvafiq sərəncamı ilə türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib. Kompleks qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qorunub saxlanılır.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: