Atıcılıq üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi iştirakçıları arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarış Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində reallaşıb. Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyası və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 12 vətən müharibəsi iştirakçısı qalib olmaq uğrunda mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən mübarizədə hər bir iştirakçıya 10 mərmidən atış şansı verilib. Yekun nəticəyə əsasən, hədəfi daha dəqiq nişan alan Cövdət Əliyev I yerə adını yazdırıb. Əli Bayramov II, Əli Əlisoy isə III yerin sahibi olub.
Sonda Atıcılıq Federasiyasının sədri Səhhət Həbibbəyli, Pralimpiya Federasiyasının sədri Nicat Babayev və Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək idmançılara gələcək yarışlarda uğurlar arzulayıblar. Qalib idmançılara təşkilatçılar tərəfindən, kubok, diplom, digər iştirakçılara isə hədiyyələr təqdim edilib.
Əli İbrahimbəyli