Talıb Babayevin müəllifliyi və tərcüməsi sayəsində 3 şahmat dərsliyi işıq üzü görüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq usta Talıb Babayevin müəllifliyi və tərcüməsi sayəsində ərsəyə gələn  “Naxçıvan Premium Turniri”, “Debüt tələləri 333” və “Həvəskardan ustaya qədər” II cild  kitablarının   təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev bildirib ki, muxtar respublikamızda şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Qeyd olunub ki, hər il federasiyanın dəstəyi ilə müxtəlif adlı dərsliklər çap edilərək şahmatçıların istifadəsinə verilir. Bu gün təqdim edilən hər üç kitab beynəlxalq usta Talıb Babayevin müəllifliyi və tərcüməsi sayəsində ərsəyə gəlib. Federasiyanın dəstəyi ilə çap edilib.

Təhsil nazirinin müavini Ovni Muradov qeyd edib ki, müntəzəm olaraq Şahmat Federasiyasının təşəbbüsü, burada fəaliyyət göstərən müəllim və məşqçilərin səyilə şahmatın tədrisində mühüm əhəmiyyətə malik dərsliklərin və metodiki vəsaitlərin çapı həyata keçirilir. Bu isə qurulan müasir ifrastrukturla bərabər şahmatı kütləvi şəkildə tədris və təbliğ etməyimizə geniş imkan verir. Bütün bunların nəticəsidir ki, muxtar respublika şahmatçıları daim uğurlu nəticələri ilə fərqlənirlər. Həmçinin  federasiyanın bu günə qədər bir neçə yeniyetmə şahmatçısının adı məhz Naxçıvan MR Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib. Bunlardan sonuncusu isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Nazlı Hümbətovadır. Bütün bunlar muxtar respublikamızda şahmata və şahmatçılara olan diqqət və qayğının ifadəsidir. Bu il muxtar respublikamızda 16 yaşadək şahmatçılar arasında keçiriləcək olimpiada isə Naxçıvanın daha bir idman tədbirinə ev sahibliyi etmək kimi əhəmiyyətini ortaya qoymuş olur.

Tədbirdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şahmat müəllimi Fəridə Şükürova və Naxçıvan Qarnizon məktəbinin şahmat müəllimi, eyni zamanda federasiyanın məşqçisi Tural Zeynalov çıxış edərək yeni kitabların şahmatın tədrisi keyfiyyətinin yüksəldilməsinə əsaslı təsir göstərəcəyini bildiriblər.

Sonda rayon şahmat məktəblərinin direktorlarına və müəllimlərə kitablar təqdim edilib.

                                                                   Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: