“Naxçıvanı qürurla paylaşırıq” müsabiqəsi başa çatıb - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun elan etdiyi “Naxçıvanı qürurla paylaşırıq” foto və videotəqdimat müsabiqəsi başa çatıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində müsabiqənin yekun tədbiri keçirilib, qaliblər mükafatlandırılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Naxçıvanın mədəniyyətini, tarixi abidələrini, turizm imkanlarını, təbiət mənzərələrini, müasir inkişafını, adət-ənənələrini təbliğ və tərənnüm etmək, eləcə də diyarımızın tanıdılması və təbliğində fəal və istedadlı gənclərin stimullaşdırılmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü, “Naxçıvanı qürurla paylaşırıq” layihəsinin rəhbəri Sara Əzimova tədbirin keçirilməsinin əlamətdar bir günə təsadüf etdiyini xüsusi vurğulayaq bildirib ki, 1969-cu ilin bu günündə müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyev ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlib. Bu gün ümummilli liderimiz Heydər Əliyev ideyalarının, dahi rəhbərin quruculuq xəttinin davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan inkişafının ən yüksək mərhələsinə qədəm qoyub. Buna görədir ki, bu gün Naxçıvan sosial şəbəkələrdə də qürurla paylaşılır, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. 2022-ci ilin fevral ayından start verilən “Naxçıvanı qürurla paylaşırıq” layihəsi də bunlardan biri kimi gənclər tərəfindən maraqla qarşılanıb. Layihəyə onlarla gənc qoşularaq Naxçıvanın tanıdılması və təbliğində fəal iştirak edib və şəxsi sosial hesablarına “Naxçıvanı qürurla paylaşırıq” haştağı ilə yüzlərlə foto və video yerləşdiriblər. İndiyə qədər bu paylaşımlara baxış sayı 8 milyonu ötüb. Layihəyə tanınmış bloqçular da qoşulub və onların “Naxçıvanı qürurla paylaşırıq” haştağı ilə paylaşdığı foto və videolara yüz minlərlə baxış olub, minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb.

Qeyd olunub ki, layihə iştirakçılarının Ağbulaq İstirahət Mərkəzində düşərgəsi təşkil olunub, Naxçıvanın turizm yerlərinə səyahətləri təşkil edilib. Doğma diyarımızın heyrətamiz təbiətini tanıtmaq məqsədilə Naxçıvanı qürurla paylaşan sosial şəbəkə istifadəçilərinin bloqçu kimi peşəkarlaşmasında da sözügedən layihə və təşkil olunan müsabiqə böyük stimul oldu.

Sara Əzimova gənclərin yaradıcılıq fəaliyyətinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Qeyd edilib ki, müsabiqəyə muxtar respublikada yaşayan həm peşəkar, həm də həvəskar müəllif olmaqla 300 foto, 30 video təqdim olunub, hər istiqamət üzrə ümumilikdə 9 qalib seçilib. 8 sosial şəbəkə istifadəçisi isə həvəsləndirici yerə layiq görülüb.

Müsabiqədə foto istiqaməti üzrə birinci yerin qalibi “Cahan Tabak Beynəlxalq” MMC-nin əməkdaşı Namaz Namazov olub. Kəngərli rayonunun Xok kəndindən olan həvəskar fotoqraf Pünhan Məmmədli ikinci, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Pnar Yusifli və Naxçıvan Dövlət Universitetinin I kurs tələbəsi Fatimə İsmayılova üçüncü yerə layiq görülüblər. Videotəqdimat üzrə isə müsabiqənin qalibi Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşı Zülfüqar Qurbanlı olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri redaksiyasının əməkdaşı Sara Əsədova və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun əməkdaşı Allahverdi Şahmərdanov ikinci, Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov və Şərur rayonundakı Mahmudkənddən olan həvəskar rejissor Maksun Qasımov üçüncü yerə layiq görülüblər.

Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən diplom, pul mükafatları və hədiyyələr təqdim olunub.

Qaliblərdən Zülfüqar Qurbanlı gənc bloqçulara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: