Kəngərli rayon gəncləri Şahbuz gəzintisində - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclərin aktiv fəaliyyəti, asudə vaxtlarının səmərəli təşkili istiqamətində keçirilən tədbirlərin davamı olaraq Kəngərli rayon gənclərinin Şahbuz rayonuna ekskursiyası təşkil olunub.
Ekskursiya çərçivəsində gənclər əvvəlcə Şahbuz Rayon Tarix-Diyarşünaslıq muzeyində olublar. Onlara məlumat verilib ki, muzey 1982-ci ildən fəaliyyət göstərir. Burada rayonun müxtəlif dövr tarixlərini özündə ehtiva edən məişət əşyaları, toxuculuq nümunələri, digər zəngin eksponatlar və mühüm tarixi məqamları özündə əks etdirən guşələrə baxış keçirilib. Diqqətə çatdırılıb ki, ötən il muzeyin yeni binası istifadəyə verilib.
Rayonun zəngin tarixi ilə tanışlıqdan sonra gənclər akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının İnformasiya mərkəzini də ziyarət ediblər. Məlumat verilib ki, xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Zəngəzur Milli Parkının ərazisi ali və nadir bitkilərlə zəngindir. Belə ki, muxtar respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın ərazisində mövcuddur.
Gəzinti çərçivəsində gənclər Ağbulaq İstirahət Mərkəzinin turizm imkanları ilə də tanış olublar. Onlar üçün burada çay süfrəsi təşkil olunub.
Leyla Cəfərzadə