“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq cüdonun muxtar respublikamızda daha da inkişaf etdirilməsi və kütləviliyinə nail olmaq məqsədilə mütəmadi olaraq məşqçilər və idmançılar üçün təlim-məşq toplanışları keçirilir, həmçinin bu sahə üzrə maddi texniki bazanın müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində də addımlar atılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və federasiya əməkdaşları muxtar respublikada olub, Naxçıvan Güləş Federasiyasının sədri Azər Zeynalovla görüşüblər. Görüş çərçivəsində cüdonun muxtar respublikada kütləvi hal alması, gənclər arasında təbliği üçün fikir mübadiləsi aparılıb. Qonaqlar bu idman növü üzrə federasiyanın Naxçıvan şəhərində və rayonlarda fəaliyyət göstərən bölmələri ilə tanış olub, Naxçıvan Olimpiya İdman Kompleksində idmançıların məşq prosesini izləyiblər. Məşqçilər və idmançılarla görüşən federasiya prezidenti, perspektivli idmançılarla tanış olub, qız idmançıların fəaliyyəti ilə maraqlanıb. Uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstək göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edən Rəşad Nəbiyev Naxçıvanda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasına müasir tələblərə cavab verən 1 dəst tatami də hədiyyə olunub.
Sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov Olimpiya İdman Kompleksində keçirilən digər idman növləri üzrə məşqləri izləyiblər.
Sonda idmançılarla xatirə fotosu çəkdirilib.
Rəmzi Tahirli