Gənclər arasında “Könlüm Naxçıvan” mövzusunda yaradıcılıq müsabiqəsi elan edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi gənclər arasında “Könlüm Naxçıvan” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

Müsabiqə teleradio materialı, qəzet məqaləsi və rəsm əsəri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın son 10 ildəki inkişaf tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, Naxçıvanın inkişafını müxtəlif materiallarla göstərməkdir. 

Müsabiqədə yaradıcılıq qabiliyyəti olan 16-35 yaş arası hər kəs iştirak edə bilər. Lakin bu zaman iştirakçı yalnız bir istiqamət seçməlidir. Müsabiqəyə təqdim olunan materiallar işlərin bədii səviyyəsi və peşəkarlıq keyfiyyəti, müsabiqənin şərtlərinə cavab verməsi və istiqamətlərdən birini əhatə etməsi, ideyanın orijinallığı, işin təsiredici qüvvəyə malik olması və mövzunun asan qavranılması, yaradıcı yanaşma və mövzunun açılması meyarlarına əsasən qiymətləndiriləcək.

Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir:

Müsabiqəyə təqdim olunan məqalələr müəllifin istəyinə uyğun olaraq “Şərq qapısı” və ya şəhər və rayon qəzetlərində dərc edilməli, teleradio materialları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda efirə yayımlanmalı, bu zaman “Könlüm Naxçıvan” yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür” qeydi göstərilməlidir.

Müsabiqəyə təqdim olunan rəsm əsəri isə rəngkarlığın və qrafikanın müxtəlif texnikalarından istifadə olunmaqla (sulu boya, yağlı boya, quaş, qara qələm, qarışıq texnika və sair) istənilən material üzərində işlənə bilər. Siyasi rəhbərlərin portretləri əsərlərdə əks oluna bilməz. Müsabiqəyə təqdim olunan rəsm əsərləri minimum 50x60 santimetr ölçüdə olmalıdır.

Müsabiqə 2022-ci il iyul ayının 23-dən sentyabr ayının 30-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 2022-ci il sentyabr ayının 30-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinə (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1A. Telefon: 036-550-50-75) təqdim etməlidirlər. Qaliblər 2022-ci ilin oktyabr ayında elan olunacaq və mükafatlandırılacaqlar.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

Birinci yer (1 nəfər) – 500 manat

İkinci yer (2 nəfər) – 300 manat

Üçüncü yer (3 nəfər) – 200 manat

Həvəsləndirici yer (4 nəfər) – qiymətli hədiyyələr.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: