NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda 2022-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda Fondun icraçı direkoru Cəbi Quliyev bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Gənclər Fonduna da tapşırıqlar verilib. Tapşırıqlara əsasən, Gənclər Fondu ali, orta ixtisas və ümumtəhsil məktəbləri ilə əlaqələri daha da gücləndirməli, gənclər düzgün istiqamətləndirilməli, müvafiq layihələr həyata keçirilməli, könüllülük fəaliyyəti təşviq olunmalıdır.
Cəbi Quliyev bildirib ki, 2022-ci ilin birinci yarımilində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Gənclər Fondunun təşkilatçılığı, “Naxtel” MMC-nin sponsorluğu ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Naxçıvan marafonu – 2022” keçirilib. 2000 gəncin qatıldığı marafonda kişi və qadın kateqoriyaları üzrə birinci-onuncu yerlərin qaliblərinə pul mükafatı, diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, “Naxçıvan marafonu – 2022”yə yüzlərlə könüllü gənc dəstək göstərib. Gənclər üçün yararlı tədbirlərdən biri də Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə Azərbaycanda Məlumat Mərkəzi tərəfindən Naxçıvan Şəhər Gənclər Mərkəzində gənclərlə görüşün keçirilməsi olub.
Qeyd olunub ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun yaradılmasının 10-cu ildönümü qeyd edilib. Rəssamlar Birliyi ilə birgə gənc rəssam Özcan Babayevin Bəhruz Kəngərli adına sərgi salonunda sulu boya ilə işlədiyi 52 əsəri nümayiş olunub. Yarım il ərzində şəhid ailələrinin ziyarət olunması da diqqətdə saxlanılıb. Belə ki, könüllü gənclərin iştirakı ilə muxtar respublikanın bir sıra bölgələrində 21 şəhid ailəsi ziyarət olunub, Vətən müharibəsi qaziləri ilə gənclərin görüşləri təşkil olunub.
Hesabat dövründə gənclərin və könüllülərin iştirakı ilə ekoloji və təmizlik aksiyaları keçirilib. Fondun yenilənmiş veb saytının təqdimatı olub. Bildirilib ki, ötən müddət ərzində Gənclər Fondunun könüllülük proqramına 384 gənc müraciət edib, onlardan 177 nəfəri müsahibə mərhələsindən seçilərək könüllülük fəaliyyətlərinə cəlb olunub. "2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı" və "Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı"nın icrası, Fondun tabeliyindəki Gənclər və Gənclik mərkəzlərinin fəaliyyətləri də diqqətdə saxlanılıb, müxtəlif tədbirlər keçirilib.
2022-ci ilin birinci yarımili ərzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən ümumilikdə 108 layihə və tədbir keçirilib, keçirilən tədbirlərdə ümumilikdə 7661 gənc iştirak edib.
Sonra məruzə ətrafında çıxışlar olub, fəaliyyət müzakirə olunub.
Cəbi Quliyev iclasa yekun vuraraq bildirib ki, Gənclər Fondu bundan sonra da qarşıya qoyulan tapşırıqların icrasına nəzarəti daha da gücləndirəcək, könüllülərin fəaliyyəti təşviq olunacaq.
Adilə Səfərova