Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub.
NUHÇIXAN xəbər verir ki, komandamızın üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Bundan başqa, Kəramət Hüseynov (60 kq) 5-ci, İrina Kindzeska (+78 kq) 7-ci yeri tutub.
Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında isə 24-cü yerlə kifayətlənib.
Bakıdakı dünya çempionatında 125 ölkədən cəmi 22-si medal qazana bilib. On dörd qızıl medaldan yarısı Yaponiyaya qismət olub. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələnib. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) "Gündoğar ölkə"yə qismət olub. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qalıb. Mükafatçılar sırasına düşə bilməyənlərdən biri isə 5-ci yerlə kifayətlənib. Qadın cüdoçuların hamısı - 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medal qazanıb. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə edib. Ən yüksək əyarlı medallar 60 və və 66 kiloqram çəkilərdə əldə edilibsə, medalsız qalan cüdoçulardan biri 100, digəri isə 100 kiloqramdan yuxarı çəkilərdə mübarizə aparıb.
Qalan qızıl medallardan 2-si Cənubi Koreyaya, hərəyə 1-i Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.