Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.
Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" komandasını üstələyəcəyi təqdirdə, növbəti raundda "Kopenhagen" (Danimarka), "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) və ya “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün, həmçinin, UEFA Avropa Liqasında da pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. "Qarabağ" Macarıstan çempionuna iki oyunun yekununda məğlub olacağı halda, yoluna Avropa Liqasında davam edəcək.
Azərbaycan çempionu ikinci qrupda yer alıb. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ya öz qrupundan 3, ya da 3-cü qrupda qalan kollektivlərdən biri ilə qarşılaşacaq. Burada yalnız "Srvena Zvezda - "Pünik" duelinin məğlubu "Qarabağ"a rəqib ola bilməz.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-17-də, cavab matçları isə avqustun 23-24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.