Naxçıvanda bədii gimnastika üzrə məşqçi-müəllimlərə sertifikatlar verilib - FOTOLAR
Azərbaycan Gimnastika Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin məşqçi-müəllimləri üçün təşkil olunan kursları uğurla başa vuran müəllimlərə sertifikatlar verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov çıxış edərək bildirib ki, hazırda federasiyanın tərkibində Bədii gimnastika bölməsi fəaliyyət göstərir. Gimnastika bölməsinin Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının uşaq-gənclər idman məktəblərində 7 qrupu yaradılıb. Bu qruplarda 200-dən artıq uşaq gimnastika üzrə formalaşırlar. Hazırda Babək, Kəngərli və Şahbuz rayonlarında da yeni qrupların yaradılması istiqamətində tədbirlər görülür.
Federasiya sədri bildirib ki, bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən müvafiq kurslarda iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Həmçinin Humay Qafarova iyulun 7-dən 15-dək İsveçrənin Nyuşatl şəhərində "Gimnastika hamı üçün" növü üzrə 13-cü "EuroGym" və 3-cü "Həyat üçün Avropa Gimnastikası" yarışlarında "Moonlight" adı altında qatıldığı yığma komanda ikinci olub.
Rəhman Məmmədov qeyd edib ki, federasiya tərəfindən idmanın kütləviliyinin təmin olunması məqsədilə bir sıra tədbirlər keçirilir. Aprelin 16-da ilk dəfə olaraq “Gimnastika” dərnək üzvlərinin bədii gimnastika üzrə nümunəvi çıxışları da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bölmənin kadr potensialını formalaşdırmaq məqsədilə federasiya tərəfindən ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən və gimnastika müəllimləri üçün seminarlar təşkil olunur, məşqçi-müəllimlərə sertifikatlar təqdim edilir.
Bu məqsədlə Naxçıvanda ilk dəfə olaraq 21-27 iyul tarixlərində kurslar da təşkil olunub. Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimi Züleyxa İsmayılova və xoreoqraf Sənan Mahmudlu tərəfindən keçirilən kurslarda əməkdaşlara bədii gimnastika və xoreoqrafiya barədə ümumi məlumatlar verilib, bədii gimnastika alətləri ilə məşqlər praktiki olaraq həyata keçirilib.
Rəhman Məmmədov kursu uğurla bitirən məşqçi-müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə 14 məşqçi-müəllimə Atletika Federasiyasının sertifikatları təqdim olunub.
Federasiyanın Bədii gimnastika bölməsinin rəhbəri Humay Qafarova isə Naxçıvan Muxtar Respublikasında bədii gimnastikanın inkişafında səmərəli fəaliyyətinə və İsveçrədə keçirilən yarışlarda Azərbaycan yığma komandasının tərkibində fəal iştirakına görə federasiyanın təşəkkürnaməsi ilə təltif olunub.
Sonda Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbinin gimnastlarının nümunəvi çıxışları olub.
Novruz Məmmədov