Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 11-ci Baş Assambleyasının iclası keçirilib
Avqustun 7-də Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) 11-ci Baş Assambleyasının iclası keçirilib.
Tədbirdə 5-ci İslam Həmrəyliyi İslam Oyunlarının iştirakçıları olan bütün Olimpiya Komitələri təmsil olunub.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Türkiyə Cümhuriyyətinin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlıq Təşkilatının rəsmi səfiri Tariq Ali Bakheet və İSSF-in prezidenti Zat Alliləri Şahzadə Abdulaziz Bin Turki Al Faisal Al Saudun rəsmi çıxışlarından sonra “Konya-2022” Əməliyyat Komitəsinin hesabatı təqdim edilib. Daha sonra İSSF-in nizamnaməsinə olan dəyişikliklər haqda məlumat verilib və məsələnin daha geniş şəkildə avqustun 8-də təşkil ediləcək seminarda müzakirə ediləcəyi bildirilib.
Günün sonunda “Konya-2022” İslam Ölkələri İdman Paytaxtına dair tərəflər arasında imzalama mərasimi baş tutub.
Baş Assambleyada Azərbaycanı MOK-un vitse-prezidenti və İSSF 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov təmsil edib.