12 Avqust Beynəlxalq Gənclər Günüdür

A- A A+

1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il 12 avqustun Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınır. Beləliklə, beynəlxalq konfransın tövsiyəsi əsasında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü elan edilir və həmin tarixdən etibarən hər il avqustun 12-si bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Sağlam gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı gənclərin potensialından asılıdır.

Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlayan ümummilli lider gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələ elan edib. Hələ ötən əsrin 70-ci illərindən sağlam gənc nəslin yetişdirilməsini diqqətdə saxlayan dahi şəxsiyyət onların hərtərəfli təhsil alması, hərbi sahədə ixtisaslı kadr kimi yetişməsi qayğısına qalıb. Bu dövrdə şəhər, rayon və kəndlərdə məktəb binaları, idman obyektləri tikilib, gənclərin asudə vaxtının səmərəli təşkili və milli ruhda böyüdülməsi sahəsində ardıcıl tədbirlər görülüb.

1994-cü ildə Gənclər və İdman Nazirliyi, 2011-ci ildə Azər­bay­can Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb, 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb, 1997-ci ildə fev­ralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, 1999-cu ildə “Dövlət gənclər siya­səti haqqında” Fərman imzalanıb və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırılıb.

Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə  “Gənclər siyasəti haqqında”, “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” və s. qanunlar və mühüm dövlət proqramları qəbul olunub, bir sıra fərman və sərəncamlar imzalanıb. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyətə malik olubdur.

"Gənclər siyasəti haqqında” Azərbaycan Respub­likasının Qanunu ölkəmizdə gənclər siyasətinin məqsəd və prinsiplərini, isti­qa­mət­lə­ri­ni, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tən­zim­ləyir. Bu Qanunun 1-ci maddəsinə əsasən “gənclər” dedikdə yaşı 14-dən 29-dək olan şəxslər, “gənclər siyasəti” dedikdə isə gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi nəzərdə tutulur.

“XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrüdür”, - deyən ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə olan etimadı artıq öz təsdiqini tapmaqdadır. Belə ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib.

Ölkə başçısı tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) təsdiq edilməsi gənclərə dövlət qayğısının artırılmasının göstəricisidir.

Ölkə prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş və gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb.

Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində Olimpiya-İdman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan sözügedən siyasət gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənibdir. 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bunu deməyə əsas verir ki, ölkə başçısı gənclərin vətənpərvərlik ruhunda, eləcə də innovativ düşüncəli və bilikli yetişməsinə önəm verdiyi kimi, onların ictimai proseslərdə fəal iştirakına da diqqət ayırır.

Müasir dövrdə elm və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Dövlət başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyə­tinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlarımızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Gənclərin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan ölkə prezidenti cənab İlham Əliyev 2019-cu ilin dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzaladı.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan  Şanlı Zəfər Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdi, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdi.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Dövlət başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir. Bu gün muxtar respublikada gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının ifadəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanları ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yaradılması muxtar respublikada gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.

Ali Məclisin Sədri gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı çıxışında vurğulamışdır: “Gənclik gələcəkdir Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Azərbaycan inkişaf edən dövlətdir və təbii ki, müstəqillik dövründə yetişən, onun bəhrəsini görən hər bir gənc də öz fəaliyyəti ilə bu inkişafa dəstək verməli, dövlət müstəqilliyimizin qədrini bilməlidir. Biz bu gün yetişən gəncliyə böyük ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol gəncliyin özünü təsdiq və özünü doğrultmaq yoludur”.

Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, stadionların, süni örtüklü mini-futbol meydançalarının, orta məktəb­lərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.

Muxtar respublikada gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Son illər yeni yaşayış binalarının tikilib gənc ailələrə verilməsi bu sahədə görülən işlərin davamıdır. Mənzillərin güzəştli ipoteka kreditləri ilə təqdim olunması gənc ailələrə mənzil sahibi olmaq imkanı yaradır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Bu gün Naxçıvan Muxtar Respublikasında da gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.

Sadiq Babayev

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: