Azərbaycan milli komandası sentyabrın 30-da İtaliyanın Siyene şəhərində polo üzrə Avropa çempionatının final oyununa çıxıb.
NUHÇIXAN xəbər verir ki, Avropa çempionatının son və həlledici oyunu gərgin və dramatik anlarla yadda qalıb. Milli komandamız gözəl oyun nümayiş etdirsə də, 8:4 hesabı ilə İtaliya seçməsinə məğlub olaraq gümüş medal qazanıb.
Avropa çempionatının debütantı olaraq böyük müvəffəqiyyətə imza atmış Azərbaycan komandasının turnirdə nümayiş etdirdiyi qələbə əzmi və döyüş ruhu qitə birinciliyinin ən böyük sürprizi olub.
Atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını isə 11:7 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Beynəlxalq Polo Federasiyasının və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 30-dək İtaliyanın Siena şəhərində Avropa birinciliyi keçirilib. Turnirdə Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya və Azərbaycan yığma komandaları iştirak ediblər.