Könüllü gənclər Ordubad rayonundakı muzeylərdə olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ekskursiyada könüllü gənclər Qeysəriyyə abidəsində yerləşən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Məhəmməd Tağı Sidqinin, Məmməd Səid Ordubadinin və akademik Yusif Məmmədəliyevin ev muzeylərində olublar. Ordubad Rayon Tarix Diyarşünaslıq Muzeyində gənclərə məlumat verilib ki, muzeydə nümayiş olunan 4 mindən artıq eksponat bu diyarın qədim və zəngin tarixini özündə əks etdirir. Rayon ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri, daş süxurlar, obsidianlar, daş, tunc və misdən hazırlanmış əmək alətləri, silahlar, etnoqrafik materiallar tələbələr üçün zəngin təcrübə materialları olub.
Gənclər görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev muzeyində böyük maarifpərvərin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli ziyalı haqqında yazılan kitab, jurnal, qəzet materialları və fotoşəkillərlə tanış olublar.
Tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin ev muzeyində olan zaman gənclərə məlumat verilib ki, ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə muzeydə yenidənqurma işləri aparılıb. Muzeydə yazıçının həyatını və yaradıcılığını əks etdirən 2 minə yaxın eksponat qorunub saxlanılır.
1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyevin ev muzeyində isə alimin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunan əsərləri, fotoşəkillər, habelə xatirə şəkilləri gənclərin marağına səbəb olub.
Ekskursiya nəticəsində əldə etdikləri bilikləri qiymətləndirmək məqsədilə gənclər arasında intellektual oyun da təşkil edilib. 6 komandanın iştirakı ilə keçirilən oyunun sonunda qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Aygün Hüseynova