Gənclər “Ləzzət”in istehsal imkanları ilə tanış olublar - FOTOLAR
Muxtar respublikamızda “Sənaye ili” çərçivəsində gənclər diyarımızın sənaye obyektləri ilə tanış olur, yerli istehsal potensialımız barədə ətraflı məlumatlandırılırlar. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə gənclər “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin istehsal prosesi ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən gəzintidə bildirilib ki, muxtar respublikada 2022-ci ilin “Sənaye ili” elan olunması nəticəsində bu sahə üzrə görülən işlər genişləndirilib. Qeyd olunub ki, Naxçıvanın ölkəmizin milli-iqtisadi quruculuq proseslərində çevik iştiraka malik olmasında məhz sənayenin rolu da böyükdür.
Sonra gənclər “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də istehsal prosesi ilə yaxından tanış olublar. Fabrikin qida istehsal edən müəssisə olduğu nəzərə alınaraq gəzinti iştirakçıları zəruri sanitar-gigiyenik ləvazimatlarla təmin olunublar. Bildirilib ki, fabrik 2011-ci ildə fəaliyyətə 1 istehsal xətti ilə başlayıb. Hazırda isə dünya standartlarına cavab verən 3 müasir istehsal xətti fəaliyyətini davam etdirir. Burada müxtəlif çəkilərdə, çeşidlərdə və tərkibdə peçenye, vafli, biskvit və digər qənnadı məmulatları istehsal olunur. Daxil olan xammal və istehsal olunan məhsulların gigiyenik laboratoriya analizləri götürülür, keyfiyyətə tam nəzarət edilir. Fabrikdə istehsal olunan məhsullar daxili bazarı təmin etməklə yanaşı, bir çox xarici ölkələrə də ixrac edilir.
“Sənaye ili” çərçivəsində gənclərin muxtar respublikanın digər istehsal və sənaye müəssisələri ilə tanışlığı davam etdiriləcək.
Leyla Cəfərzadə