Baş məşqçimiz Alesionun özünəməxsus hazırlıq planı var. Əsas üstünlüyü taktiki planda çalışmalara vermişik. Heyətimizdə məlum dəyişikliklər edilib. Artıq braziliyalı futzalçılarımız yoxdur. Sırf yerli futzalçılarla mübarizə aparacağıq. Məncə, nəticə yaxşı olmalıdır. Komandamızın üzvləri əla formadadırlar və hər kəs oynamaq şansı qazanacaq.
NUHÇIXAN xəbər verir ki, bu sözləri oktyabrın 3-dən 6-dək futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz” klubunun oyunçusu Xətai Bağırov deyib.
Bildirib ki, Qazaxıstan millisi ilə yoldaşlıq matçında gücümüzü sınadıq. Rəqibə qarşı yaxşı oynadıq. Baş məşqçi qrup mərhələsində də bu cür çıxış edə bilsək, uğur qazanacağımızı açıqlayıb. Taktiki tapşırıqlara diqqət yetirməli, əsas diqqətimizi oyuna yönəltməliyik.
“Braziliyalı futzalçıların gedişi komandada hiss olunur. Ancaq yerli oyunçular məşqləri intensivləşdirdikcə, təcrübə topladıqca inkişaf müşahidə edilir. Müəyyən vaxtdan sonra onların yoxluğunu hiss etdirməyəcəyik. Alesionun öz oyun planı, taktikası var. Rəqiblərlə bağlı oyundan bir gün əvvəl məlumat verəcək. Məşqlərdə rəqibə qarşı necə oynayacağımızı imitasiya edirik. Bir gün əvvəl videoya baxış olacaq. “Vytis” ilə oyun daha çətin olacaq. Bu komanda digərlərinə nisbətən daha güclüdür. Meydan sahiblərini də unutmaq olmaz”, - deyə X.Bağırov əlavə edib.
Qeyd edək ki, “Araz” UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 3-də Litvanın “Vytis”, ertəsi gün Maltanın “Valletta” komandaları ilə qarşılaşacaq. Qrupda sonuncu oyun meydan sahibi “Luçence”yə qarşı keçiriləcək. Həmin görüş oktyabrın 6-da oynanılacaq.