Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş ənənəvi kikboksinq turnirinin qalibləri müəyyənləşib - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turniri başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Kikboksinq Federasiyası tərəfindən birgə təşkil olunan yarış I Qarabağ müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərən şəhidimizin əziz xatirəsini yad etmək, gənc nəslə vətənpərvərlik ruhu aşılamaq, kikboksinq idman növündə kütləviliyə nail olmaq məqsədi ilə təşkil edilib.

Turnirin açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Federasiyanın sədri Xəyal Abdullayev və nazirliyin şöbə müdiri Taleh İbrahimov Vətənin azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsinin daim qürurla xatırlanacağını vurğulayıblar.

Yeddi komandadan 83 idmançının qatıldığı turnirdə qaliblər 17-18, 15-16 və 14-15 yaş kateqoriyalarında, müxtəlif çəki dərəcələri üzrə müəyyənləşib. Nəticələrə əsasən, Nurəddin Əliyev, Fərid Orucov, Səid Abbaslı, Uğur Əliyev, Ravil Alməmmədov, Hüseyn Zamanlı (hamısı “Turan” döyüş klubu), Fariz Bağırlı (“Araz” döyüş klubu) yeniyetmələr arasında birinci olublar. Fərid Məhərrəmov, Məhəmmədəli Qasımov (hər ikisi “Turan” döyüş klubu), Zeynəlabidin Musayev, Sinan Kazımov (hər ikisi “Şərur”), Sərvan Mirzəyev (“Levent Bulut” döyüş klubu), Şəmsəddin Əliyev (“Naxçıvan”) gənclər arasında, Röya Abdullayeva isə qızlar arasında qalib gəlib.

İlk üçlükdəki idmançılar diplom və medallarla təltif ediliblər.

Qeyd edək ki, budəfəki turnir ilk dəfə olaraq kikboksun "full contact" növündə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: