Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası finişə yaxınlaşır.
NUHÇIXAN xəbər verir ki, yarışların sonuna üç tur qalmış Azərbaycanın hər iki yığmasının mükafatçılar sırasında olmaq şansı var.
Bu gün keçiriləcək doqquzuncu turda Azərbaycanın kişilərdən ibarət komandasının rəqibləri çinli idmançılar olacaq, qızlarımız isə ukraynalı şahmatçılarla qarşılaşacaqlar.
Olimpiadanın başa çatmasına üç tur qalmış aktivində 15 xal olan ABŞ yığması yeganə liderdir. İkinci yerdə amerikalılardan bir xal geri qalan Polşa yığması gedir. Azərbaycan, Hindistan, Fransa, Çin, Ermənistan, Almaniya və İngiltərə komandalarının hərəsi 13 xal qazanıb.
Qadınların yarışında liderliyi hərəsi 14 xal toplamış Çin və Ukrayna yığmaları bölüşdürürlər. Səkkizinci turda bu komandaların hər ikisi böyük hesabla qələbə qazanıb: Çin idmançıları Rumıniyanın komandasını uddular – 3,5:0,5, ukraynalılar ermənistanlı rəqiblərindən daha güclü olublar – 3:1.
ABŞ, Macarıstan, Azərbaycan, Ermənistan və Qazaxıstan komandalarının hərəsinin aktivində 13 xal var.
Bu gün Azərbaycan-Çin matçında Şəhriyar Məmmədyarov - Dinq Liren, Teymur Rəcəbov - Yu Yanqyi, Arkadi Naydiç - Vey Yu və Eltac Səfərli - Bu Syanci cütlükləri, Azərbaycan - Ukrayna görüşündə isə Günay Məmmədzadə - Anna Muzıçuk, Xanım Balacayeva - Marina Muzıçuk, Gülnar Məmmədova - Anna Uşenina və Ülviyyə Fətəliyeva - Yuliya Osmak cütlükləri qarşılaşacaqlar.
43-cü Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.