Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnir başlayıb. İyirmi bir ölkədən 189 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü mərhələ adlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, boksçumuz Daniel Xolostenko (71 kq) səkkizdəbir final mərhələsində Anke (Hindistan) ilə qarşılaşıb. Gərgin keçən döyüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti mərhələdə fransalı Mobir Trbiçə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da olacaq.
Səbuhi Əlizadə (+92 kq) də turnirə qələbə ilə başlayıb. Təmsilçimiz dörddəbir final mərhələsində Mikita Maliutanı (Ukrayna) 3:2 hesabı ilə məğlub edib. S.Əlizadə yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda qazaxıstanlı İvan Yermolenkonu sınağa çəkəcək. Döyüş sentyabrın 17-də keçiriləcək.
Qeyd edək ki, yarışda bu gün 3 boksçumuz mübarizəyə qoşulacaq.
Turnirin qaliblərinin adına isə sentyabrın 18-də aydınlıq gələcək.