Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVII muxtar respublika çempionatına start verilib. NUHÇIXAN xəbər verir ki, doqquz komandanın mübarizə apardığı çempionat iki dövrədən ibarətdir. İlk dövrəyə bu ilin noyabr ayının sonlarında yekun vurulacaq. İkinci dövrənin oyunları isə fevral ayında başlayacaq. Reqlamentə əsasən hər turda bir komanda istirahət edəcək. Çempionatda artıq ilk iki turun oyunları keçirilib. Dörd mövsümdür ki, çempionluq titulunu əldən verməyən “Araz-Naxçıvan” futbol komandası cari mövsümdə də iddialı olduğunu qazandığı qələbələrlə sübut edib. Belə ki, “qırmızı-ağlar” birinci turda Kəngərlinin eyniadlı komandasını minimal hesabla (0:1) məğlub edib. İkinci turda isə Culfa təmsilçisi “Əlincə”ni qəbul edən Naxçıvan şəhər komandası rəqibi 5 dəfə mərkəzə dəvət etməli olub – 5:0. Ötən mövsüm olduğu kimi, “Babək” komandası yeni mövsümə də qələbələrlə başlayıb. Onlar ilk turda “Batabat” komandasını 6:1, ikinci turda isə “Dübəndi” komandasını 3:0 hesabı ilə məğlub ediblər. Səfərdə “Əlincə”yə (0:3), doğma arenada isə “Batabat”a (9:4) qalib gələn “Arpaçay” komandası da iki görüşdən maksimum xal toplayıb. Son mövsümdə iddiasız çıxış edən Şahbuzun “Batabat” komandası yeni futbol mövsümündə də eyni uğursuzluğunu təkrarlayıb. Hər iki görüşdə məğlub olan şahbuzlular turnir cədvəlində xal qazanmayan dörd komandadan biridir. “Əlincə”, “Dübəndi” və “Sədərək” komandaları isə xal qazanmamaqla yanaşı, həm də rəqib qapılarından top keçirməyə də həsrətdirlər. Bombardirlər cədvəlinə gəlincə isə “Arpaçay” komandasının hücumçusu İbrahim Əliyev 2 görüşdə rəqib qapılarından 5 top keçirib. “Araz-Naxçıvan” komandasının hücumçusu Vüsal Əliyevin aktivində isə 3 top var.