UEFA Avropa Liqası: “Qarabağ” doğma meydanda “Arsenal” klubu ilə qarşılaşır

A- A A+

Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Londonun “Arsenal” komandası ilə qarşılaşır. NUHÇIXAN xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev (k), İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Ansi Aqolli və Miçel yer alıblar. “Arsenal” klubunun ilk onbirliyində isə meydana Bernd Leno, Sokratis Papastathopoulos, Rob Holdinq, Naço Monreal (k), Stefan Lixtştayner, Aleks İvobi, Dani Uelbek, Məhəmməd Elneni, Emil Smit Rove, Matteo Qenduzi və Sead Kolaşınaç çıxacaqlar. Baki Olimpiya stadionunda keçirilən qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edir. Matçın əsas hakimi Davide Massadır. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirirlər. Bu komandaların yer aldığı E qrupunun digər oyununda Ukraynanın “Vorskla” klubu doğma meydanda Portuqaliyanın “Sportinq” kollektivini qəbul edir. Xatırladaq ki, qrup mərhələsinin birinci turunda “Arsenal” klubu “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ” komandasını (2:0) məğlubiyyətə uğratmışdı. Bu, “Arsenal” komandasının Azərbaycan klubları ilə ilk qarşılaşmasıdır. “Arsenal”dan fərqli olaraq, “Qarabağ” daha əvvəl İngiltərə klublarından “Tottenhem” və “Çelsi” komandaları ilə görüşüb. Ağdam təmsilçisi 2017-2018-ci il mövsümündə beşinci dəfə dalbadal Azərbaycan çempionu olub. Klub üç dəfə UEFA Avropa Liqasının, bir dəfə isə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. “Qarabağ” avrokuboklarda 9 səfər oyununun yalnız ikisində qalib gəlib (“Dnepr”, PAOK). Komanda bu mövsüm avrokuboklarda dörd ev oyununda yalnız bir dəfə qapısından top buraxıb. On doqquz il ardıcıl UEFA Çempionlar Liqasında çıxış edən “Arsenal” klubu 2017-2018-ci il mövsümündə Premyer Liqada altıncı yeri tutaraq UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Londonlular ötən mövsüm UEFA Avropa Liqasında uğurla çıxış edərək yarımfinala kimi mübarizə aparıblar. Klub yarımfinalda “Atletiko Madrid”ə məğlub olaraq mübarizədən kənarlaşıb. İngiltərə təmsilçisinin baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasında ən çox iştirak edən çalışdırıcıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: