Karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan çempionatına yekun vurulub - FOTOLAR - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Karate-do federasiyasının sədri Fazil Ələkbərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür.
Gənclərin fiziki hazırlığına, onların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Muxtar respublikada müasir idman infrastrukturunun, idmanın müxtəlif növləri üzrə federasiyaların, eləcə də karate-do federasiyasının yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsini təmin edib. Bunun da sayəsində idmançılarımız dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər.
Fazil Ələkbərov deyib ki, Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyası muxtar respublikada bu idman növü üzrə yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində əhəmiyyətli rol oynayır. Federasiyanın rayon bölmələrində də karate üzrə müxtəlif yaş qruplarında idmançılar nəsli yetişib. Vurğulanıb ki, muxtar respublikada 500-ə yaxın gənc oğlan və qız bu idman növü ilə məşğul olur ki, onların da 115 nəfərini qız idmançılar təşkil edir. Federasiya sədri idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayaraq yarışı açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Naziri Azad Cabbarov bildirib ki, ötən il idmançılarımız ümumilikdə 240 medal qazanıblar. Onların arasında gənc karateçilərin də olması hər birimizi sevindirir. Azad Cabbarov çempionatda iştirak edən idmançılara uğurlar arzulayıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında idman gündən-günə inkişaf edir. Bu gün Naxçıvan idmançıları beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında layiqincə təmsil olunurlar. “Karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika açıq çempionatı da nüfuzlu idman yarışıdır”-, deyən federasiya prezidenti idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Azərbaycan Milli Karate Federasiyasının baş katibi, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov da çıxışında ölkəmizdə idmana göstərilən dövlət qayğısından, karate idman növünün inkişafından danışıb.
Açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivi musiqi və rəqs nömrələri ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası yetirmələrinin nümunəvi çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra final görüşləri başlanıb.
İki gün davam edən açıq çempionatda 6 yaş qrupu üzrə 300-dən çox idmançı 47-çəki dərəcəsi üzrə mübarizə aparıb. Yarışda muxtar respublikanın şəhər və rayonlarının idmançıları ilə yanaşı, Bakı şəhərinin müxtəlif idman klublarını təmsil edən karateçilər də iştirak ediblər.
Nəticələrə gəlincə, final döyüşlərində müxtəlif yaş qrupları üzrə oğlanlar arasında Vüsal Seyidov, İmran Mövsümov, Hüseyn Məmmədli, Əsəd İmanov, Sərcan Məmmədov, Aslan İsmayılov, Babək Qələmzadə, qızlardan isə Səmra Məmmədli rəqbilərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov, Gənclər və İdman naziri Azad Cabbarov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Milli Karate Federasiyasının baş katibi, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov və Təhsil naziri Məmməd Qəribov qalib idmançılara diplom və medallar təqdim ediblər.
Fazil Ələkbərov komanda hesabında birinci olan “Naxçıvan” komandasına çempionatın kubokunu təqdim edib.
Sıralamada “Arpaçay” ikinci, “Araz” idmançıları isə üçüncü olublar.
Sonda idmançılar Heydər Əliyev muzeyini ziyarət ediblər. Karateçilərə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.