Avropa şahmat klub kuboku uğrunda çempionatda Azərbaycanı təmsil edəcək komandalar müəyyənləşib

A- A A+

Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə oktyabrın 2-9-da Avstriyanın Mayrhofen şəhərində Avropa şahmat klub kuboku uğrunda çempionat keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, mötəbər yarışda ölkəmiz iki klubla təmsil olunacaq. 37-ci dəfə təşkil ediləcək kişilərin yarışında “Vüqar Həşimov” komandası birincilik uğrunda yarışacaq. Komandanın heyətində üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrosmeysterlər Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, beynəlxalq ustalar Əhməd Əhmədzadə, Ülvü Sadıqov, Xəzər Babazadə və Anar Allahverdiyev çıxış edəcəklər. Anar Allahverdiyev həm də komandanın kapitanı olacaq.

26-cı dəfə keçiriləcək qadınların yarışında “Odlar yurdu” komandası mübarizə aparacaq. Beynəlxalq qrosmeyster Cahangir Ağarəhimovun kapitanı olduğu klubda şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə, qitə çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva, beynəlxalq usta Gülnar Məmmədova, qadınlar arasında beynəlxalq qrosmeysterlər Xanım Balacayeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.

Turnir 7 turdan ibarət olacaq. İlk turun oyunları oktyabrın 3-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: