16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında beşinci turun oyunlarına yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu turda “Azərbaycan-Naxçıvan” komandası “Kanada” komandası ilə qarşılaşıb. Şahmatçımız Hüseyn Seyid Maks Çeni, Sadiq Abbasov isə Keyt Yanqı məğlub etməyi bacarıblar. Digər iki oyunda isə Nazlı Hümbətova Cefferi Sao ilə, Rəcəb Abdullabəyli isə Raçel Çenlə münasibətlərə aydınlıq gətirib. Hər iki şahmatçımız bu görüşdə məğlub olub və rəqib hesabı bərabərləşdirib - 2:2. Qeyd edək ki, bu, komandamızın Olimpiadada ikinci heç-heçəsidir. Liderlər cədvəlində yer alan “Azərbaycan-1” komandası “Özbəkistan-1” komandası ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə tərəflər hərəyə bir xal qazanıblar - 2:2. Eyni nəticəyə “Panama” komandası ilə görüşdə “Azərbaycan-Sumqayıt” komandası da imza atıb - 2:2. “Azərbaycan-2” komandası isə gözlənilmədən məğlubiyyətə uğrayıb. Onlar digər təmsilçimiz “Azərbaycan-4” komandası ilə görüşdə ağ-qara taxtanı məğlub tərk ediblər - 1:3. “Azərbaycan-3” komandası Misir yığması ilə görüşdə çətinlik çəkməyib və 3:1 hesablı qələbəyə sevinib.
5-ci turda liderlərin qarşılaşmasında “Türkiyə-Red” komandası Qazaxıstan yığması ilə görüşdə 3,5:0,5 hesabı ilə qələbə qazanaraq, liderliyini bir qədər də möhkəmlədib. “İran” komandası isə “Hindistan” komandası qarşısında növbəti heç-heçəyə imza atıb - 2:2. “Türkiyə-White” komandası gözlənilmədən Kuba yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub. Ötən turu qələbə ilə başa vuran Şri-Lanka yığması bu turda “Monqolustan” komandası qarşısında xalsız məğlub olub - 0:4. 5-ci turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
Türkiyə-Anatolia – Gürcüstan - 1 – 3:1
Latviya – Meksika – 1,5:2,5
Malayziya – Qırğızıstan – 0:4
Banqladeş – Özbəkistan - 2 – 0,5:3,5
CAR-1 – Moldova – 0,5:3,5
İngiltərə - Honkonq – 2,5:1,5
CAR-3 – CAR-2 – 0,5:3,5
Livan – Gürcüstan-2 – 4:0
Rəmzi Tahirli