Oktyabrın 6-da futbol üzrə Türkiyə Superliqasının VIII turunun növbəti görüşündə çempionluğa əsas namizədlərdən olan “Qalatasaray” klubu səfərdə çempionatda beşinci sırada olan “Antalyaspor”la qarşılaşıb. NUHÇIXAN xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma turnir cədvəlinin birinci pilləsində qərarlaşan İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesabı 87-ci dəqiqədə qonaq komanda açıb. Marianonun ötürməsindən sonra qalatasaraylı futbolçu Ryan Donk oyunda yeganə topu qapıdan keçirib – 1:0. Beləliklə, son iki səfər oyununda məğlub olan İstanbul komandası nəhayət qələbə qazanıb. Bu qalibiyyətdən sonra xallarının sayını 18-ə çatdıran “Qalatasaray” çempionatda liderliyini davam etdirir. Turnir cədvəlində “Kasımpaşa” komandası 15 xalla ikinci yeri tutur. "Başakşəhər" və "Beşiktaş" isə 14 xalla üçüncü-dördüncü yerləri bölüşürlər. “Antalyaspor” 13 xalla beşinci pillədədir. "Fənərbağça" turnir cədvəlində son sıralarda qərarlaşıb. Oktyabrın 7-də “Yeni Malatyaspor”–“Sivasspor”, "Fənərbağça"-"Başakşehir", Akhisar”–“Trabzonspor” və “Konyaspor”–“Beşiktaş” matçları oynanılacaq.