Oktyabrın 7-də Futbol üzrə Türkiyə Superliqasının VIII turuna yekun vurulub.
Turun son oyununda turnir cədvəlinin dördüncü pilləsində yer alan “Beşiktaş” komandası səfərdə “Konyaspor”la qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesabı 31-ci dəqiqədə meydan sahibləri açıblar. Domaqoy Vidanın cərimə meydançasında əllə oynamasından sonra qonaqların qapısına penalti təyin olunub. Bu qayda pozuntusuna görə baş hakim “Beşiktaş”lı futbolçunu ikinci sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Mustafa Yatabara on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasını hesabda irəli çıxardıb - 1:0.
Fasilədən sonra baş hakim Ümit Öztürk İstanbul təmsilçisinin qapısına ikinci dəfə penalti təyin edib. Lakin Mustafa Yatabara bu dəfə imkandan yararlana bilməyib.
Yetmiş doqquzuncu dəqiqədə “Beşiktaş”ın hücumçusu Vaqner Lov baş zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1. Bundan 1 dəqiqə sonra isə Rayan Babelin ötürməsini qola çevirən Cermeyn Lens komandasını hesabda önə çıxardıb - 2:1. Lakin oyuna əlavə edilmiş dəqiqələrdə ev sahibi komanda Paolo Hurtadonun vurduğu qolla hesaba tarazlıq gətirib - 2:2.
Beləliklə, “Beşiktaş” təxminən altmış dəqiqə 10 nəfər oynadığı görüşdə heç-heçə edərək, xallarının sayını 15-ə yüksəldib turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.
Səkkiz oyundan sonra 18 xal toplayan “Qalatasaray” turnir cədvəlində ilk sıradadır. Hər birinin aktivində 15 xal olan “Başakşehir”, “Beşiktaş” və “Kasımpaşa” ikinci-dördüncü yerləri bölüşürlər. On üç xalı olan "Trabzonspor" beşincidir.