Naxçıvanda güləş üzrə növbəti seminar keçirilib - FOTOLAR
Muxtar respublikamızda müxtəlif idman növlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən taktiki-texniki və nəzəri seminarlar davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlərin davamı olaraq, növbəti seminar Uşaq Gənclər İdman Məktəbində Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının məşqçisi Yaşar Əliyev tərəfindən keçirilib.
Seminarda Naxçıvan güləş məktəbinin yetirməsi, 3 qat dünya və Avropa çempionu, eləcə də 2 qat olimpiya mükafatçısı Hacı Əliyev də iştirak edib. Naxçıvanla yanaşı, rayon idmançılarının da cəlb olunduğu seminarda əvvəlcə bu idman növünün ilkin qaydaları haqqında qısa məlumat verilib. Daha sonra yarış zamanı görüşlərdə yarana biləcək mürəkkəb anlarda düzgün verilən qərarlar praktiki şəkildə diqqətə çatdırılıb. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının məşqçisi Yaşar Əliyev idmançıların mövqe seçimi, zamanında verilən qərarlar, psixoloji məqamlar, o cümlədən digər məsələlərlə bağlı düşüncələrini də idmançılarla bölüşüb.
Əli İbrahimbəyli