Futbol üzrə növbəti dünya çempionatının keçiriləcəyi Qətər 2023-cü ildə futbol üzrə Asiya kuboku yarışlarına da ev sahibliyi edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Asiya Futbol Konfederasiyasının (AFK) açıqlamasına istinadla xəbər verir ki, Qətər Çinin imtina etdiyi Asiya kuboku yarışlarına ev sahibliyi etmək uğrunda mübarizədə Cənubi Koreya və İndoneziyaya qalib gəlib.
AFK-nın prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə bildirib ki, Qətərin böyük beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün imkanları, eləcə də detallara diqqət bütün dünyada heyranlıq doğurur. O, Asiya Kuboku yarışlarına az vaxt qalasına baxmayaraq, Qətərin sahib olduğu dünya səviyyəli infrastruktur və təşkilatçılıq qabiliyyəti sayəsində yarışları yüksək səviyyədə təşkil edəcəyinə əmin olduğunu deyib.
Qeyd edək ki, 2023-cü ildə futbol üzrə Asiya kuboku yarışlarına ev sahibliyi hüququ 2019-cu ildə Çinə verilmişdi. Turnir Çində 2023-cü il iyunun 16-dan iyulun 16-dək keçirilməli idi. Çin artıq yarışa hazırlığın bir neçə mərhələsini keçmiş və turnirin loqosunu da təqdim etmişdi. Amma cari ilin mayında Çin COVID-19 pandemiyası səbəbindən Asiya kubokunu təşkil etməkdən imtina edib.
Qətər 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş futbol üzrə Asiya kubokunun qalibi olub.