Rusiyada keçirilən güləş üzrəAvropa çempionatının beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.
NUHÇIXAN xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan idmançılarına tam üstünlüklə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus güləşçisini də məğlub edən idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan idmançımız Avropa çempionatının qızıl medalını qazanıb.
Digər güləşçimiz Hacı Əliyev (65 kq) avstriyalı, türkiyəli və sloveniyalı rəqiblərini məğlub edərək finala yüksəlib. Üçqat dünya çempionumuz bu mərhələdə Rusiya idmançısı İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan güləşçisinin qələbəsi ilə başa çatıb və Hacı Əliyev növbəti dəfə Avropa çempionu tituluna yiyələnib.
İdmançılarımızdan Murtuz Müslümov (70 kq) Almaniya və Bolqarıstan təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa idmançısı ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub. Üçüncü yer uğrunda döyüşdə belaruslu Azamat Nurikaudan üstün olan güləşçimiz bürünc medal əldə edib.