Çempionatda yaxşı oyunlar keçirdim. On birinci turda həyəcanım daha çox oldu. Son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək asan deyildi. Çünki ümumi nəticə məhz rəqibin oyunundan asılı idi. Yarışdan əvvəl də bilirdim ki, çətin olacaq. Yaxşı çıxış etdiyimi düşünürəm. Bizə güvəndikləri üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Başda müəllimim Cahangir Ağarəhimov olmaqla, üzərimdə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Şükür ki, istədiyimə nail oldum.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu İtaliyada gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi Abdulla Qədimbəyli jurnalistlərə açıqlamasında bildirib.
Gənclər arasında dünya çempionu qələbəsini şəhidlərimizə həsr etdiyini deyib: “Bundan sonra üzərimdə daha çox işləməliyəm. Növbəti hədəf kimi dünya kuboku yarışında çıxış etmək və əla nəticə göstərmək istəyirəm. Mənim üçün narahat olan, həyəcan keçirən, uğuruma sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Dünya çempionatındakı qələbəmi şəhidlərə həsr edirəm”.