Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının əvvəl nəzərdə tutulandan tez keçirilməsini qərara alıb.
NUHÇIXAN UEG-in mətbuat xidmətinə istinadla xəbər verir ki, çempionatın vaxtının dəyişdirilməsi Futbol üzrə Avropa Liqasının gələn il mayın 29-da Azərbaycan paytaxtında keçiriləcək finalı ilə bağlıdır.
Əvvəlcə nəzərdə tutulmuşdu ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı mayın 31-dən iyunun 2-dək keçiriləcək.
Mətbuat xidmətinin məlumatında deyilir: “İcraiyyə Komitəsi Avropa Futbol Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə əlaqədar Avropa çempionatının keçirilməsi tarixini dəyişməyi qərara alıb. Avropa birinciliyi mayın 16-dan 19-dək keçiriləcək”.
Xatırladaq ki, 2018-ci ildə bədii gimnastika üzrə Avropa çempionatı İspaniyanın Qvadalaxara şəhərində keçirilib.