Cüdoçumuz Polşada qızıl medal qazandı - FOTOLAR
Polşanın paytaxtı Varşava şəhərində məşqçi Slavomir Paçolakın xatirəsinə həsr olunmuş VIII Bialoleki Kuboku uğrunda açıq cüdo turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda Naxçıvan Güləş Federasiyasının idmançısı Məhəmməd Mədətli 15 yaşadək idmançılar arasında 50 kq çəki dərəcəsi üzrə mübarizə aparıb. Təmsilçimiz 1/8 final mərhələsindən başlayaraq polşalı, sloveniyalı və rumıniyalı rəqiblərini məğlub edib və finala yüksəlib. Həlledici görüşdə daha bir Polşa idmançısını məğlub edən Məhəmməd turnirin qaliblərindən olub.
İdmançımız diplom, medal və xatirə plaketi ilə mükafatlandırılıb.
Qeyd edək ki, 5-6 noyabr tarixlərini əhatə edən ənənəvi yarışda həvəskarlar, ustalar, yeniyetmələr və gənclər arasında görüşlər keçirilib.