NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyi tərəfindən “Gənclərin vahid seçimi: gələcəyin partiyası” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə gənclər sektorunun nümayəndələri, birlik üzvləri, gənc müəllimlər və fəal gənclər iştirak ediblər.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov bildirib ki, dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır. Bu gün Naxçıvanda YAP sıralarında gənclər böyük üstünlük təşkil edirlər. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 23 min 594 nəfərini gənclər təşkil edir. Onlar fəallıq göstərərək ictimai işlərdə, müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda iştirak edir, ölkəmizi və muxtar republikamızı layiqincə təmsil edirlər.
Sonra Gənclər Birliyinin üzvü, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucovanın moderatorluğu ilə mövzu ətrafında müzakirələr aparılıb. Gənclər Birliyinin üzvü, mədəniyyət nazirinin müavini Həsən Kərimov, birliyin sədr müavini Elvin Əliyev və digər çıxış edənlər mövzu ətrafında öz fikirlərini paylaşıblar.
Çıxış edənlər gənclər siyasətinin Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet istiqamət olduğunu qeyd edərək diqqətə çatdırıb ki, böyük gənclər ordusunun YAP-ı seçməsi onların partiyaya olan inam və ümidlərinin göstəricisidir.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. 44 günlük Vətən müharibəsində gənclərimizin istər arxa cəbhə, istərsə də ön cəbhədə göstərdiyi fəallıq da buna bariz nümunədir.
Leyla Cəfərzadə