İdman ictimaiyyətinin nümayəndələri muzeyləri ziyarət edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol, Voleybol və Atletika federasiyalarının kollektivləri Naxçıvan şəhərindəki bir sıra muzeyləri ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının üzvləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolunu özündə əks etdirən Heydər Əliyev Muzeyində olublar. Ziyarətçilər burada ümummilli liderimizin şərəfli ömür yoluna, zəngin azərbaycançılıq ideyalarına həsr olunmuş stendlərlə tanış olublar. Muzeydə həmçinin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsində ulu öndərin əvəzsiz xidmətləri olduğu da xüsusi vurğulanıb.
Ədəbiyyat muzeyini ziyarət edən Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının kollektivinə məlumat verilib ki, 1967-ci ildən fəaliyyət göstərən muzey görkəmli dramaturq Cəlil Məmmədquluzadənin adını daşıyır. Bildirilib ki, qədim dövrdən müasir dövrədək Azərbaycan ədəbiyyatı tarixini özündə əks etdirən muzeyin açılışı zamanı 98 eksponat var idisə, hazırda onların sayı 20 minə yaxındır.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının kollektivi isə Dövlət Bayrağı Muzeyini ziyarət edib. Ziyarətçilər burada tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan Xanlığının dövlət və bərpa olunmuş döyüş bayraqları, gerblər və inzibati xəritələri ilə yaxından tanış olublar. Muzeydə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar da nümayiş olunur.
Leyla Cəfərzadə