Məşqlərimiz uğurla davam edir. İlin əvvəlindən bir neçə dəfə təlim-məşq toplanışı keçirmişik. Bu, sonuncu hazırlıq prosesidir. Gördüyünüz kimi, bir az zədəliyəm. Belarusdakı yarışdan sonra xalça üzərində ikinci məşqimdir. Buna baxmayaraq, növbəti dəfə dünya çempionu olmağa çalışacağam. Rəqiblər çox güclü olsa da, əlimdən gələni edəcəyəm. NUHÇIXAN xəbər verir ki, bunu güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev oktyabrın 12-də milli komandalarımızın açıq məşqi zamanı jurnalistlərə müsahibəsində deyib. Sentyabrın 20-dən 28-dək Budapeştdə keçiriləcək dünya çempionatında komandamızın əsas medal ümidlərindən olan Hacı Əliyev bu dəfə 65 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. Sentyabrda Macarıstanda keçirilən beynəlxalq turnirdə zədələnsə də, dünya çempionatında qızıl medal qazanmaq üçün var qüvvəsi ilə mübarizə aparacağını bildirən pəhləvan deyib: “Zədəm dizimdədir. Sərbəst güləşdə tez-tez ayaqdan tutmaqla fəndlər edirik. Bu baxımdan dizə çox yük düşür. Zədəli dizimi qorumağa çalışacağam. Bəlkə də bu baxımdan yaxşıdır ki, ayağımı rəqiblərə verməməyə daha çox diqqət yetirəcəyəm”.