Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışında mübarizəyə qoşulan gənc idmançımız Tərmenxan Babayev gümüş medal qazanıb.
NUHÇIXAN xəbər verir ki, 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan gənc atlet birdən qaldırma hərəkətində 142 kiloqramı ram edib və bu hərəkətdə ikinci olub. O, təkanla qaldırma hərəkətində də 174 kiloqramın öhdəsindən gələrək ikinci yeri tutub. Yekun nəticədə 316 kiloqram (142 kq+174 kq) nəticə qazanan Tərmenxan Babayev Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalına layiq görülüb.
Tərmenxan Babayev “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Onun şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018) olan idmançımız altı dəfə yeni rekord müəyyənləşdirib.