“Yarışa çox yaxşı hazırlaşmışdım, körpücüyə də qələbə üçün çıxdım. Olimpiada ciddi turnirdi və burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir”.
NUHÇIXAN xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Tərmenxan Babayev deyib. 85 kq çəki dərəcəsində yer alan 16 yaşlı idmançı məqsədinin “qızıl” əldə etmək olduğunu vurğulayıb: “Yarışın özü də yaxşı keçdi. Ümidim vətənə qızıl medalla qayıtmaq idi, amma “gümüş”lə kifayətləndim. Rəqiblərim də güclü idi. Mənə yalnız sona qədər mübarizə aparmaq qalırdı. Çalışdım ki, var gücümü ortaya qoyum. Olimpiya Oyunlarında fəxri kürsünün ikinci pilləsinə qalxdım. Çox gözəl hisslərdir. Ölkəmi layiqincə təmsil etdiyimə, evə medalla döndüyümə görə çox şadam. Şükürlər olsun ki, uzun müddətdir keçdiyimiz məşqlər, çalışmalar öz bəhrəsini verdi. Bu uğurda əziyyəti olan hər kəsə, məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər hər kəsə minnətdarlığımı bildirirəm”.