Portuqaliya və Koreya Respublikası yığmaları mundialın pley-off mərhələsində - FOTOLAR

A- A A+

Futbol üzrə Portuqaliya və Koreya Respublikası milli komandaları Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin H qrupunun üçüncü turu çərçivəsində Portuqaliya və Koreya Respublikası yığmaları üz-üzə gəliblər. “Edukeyşn Siti” stadionunda təşkil olunan matç koreyalı futbolçuların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Koreya Respublikası seçməsinin heyətində 27-ci dəqiqədə Kim Yunq Qvon, 91-ci dəqiqədə Xvan Xi Çxan, rəqib komandadan isə 5-ci dəqiqədə Rikardo Orta fərqləniblər.

Qrupun digər matçında Qana və Uruqvay yığmaları qarşılaşıblar. “Əl Canub” stadionunda oynanılan matçda Uruqvay seçməsi iki cavabsız qolla qalib gəlib – 2:0. Yığmanın heyətində Corcian de Arraskaeta dubl edib. Qollar matçın 26-cı və 32-ci dəqiqələrində vurulub.

Portuqaliya 6 xalla qrup lideri kimi mərhələ adlayıb. Hesabında 4 xal olan Koreya Respublikası millisi əlavə göstəricilərə görə pley-offa yüksəlib. Uruqvay yığması 4 xalla üçüncü, Qana millisi isə 3 xalla dördüncü olub.

G qrupu çərçivəsində Kamerun–Braziliya və Serbiya-İsveçrə oyunları keçiriləcək. “Lusail” stadionunda oynanılacaq Kamerun–Braziliya matçını ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək. “Stadium 974”də keçiriləcək digər matç isə Fernando Rapalliniyə (Argentina) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: