Azərbaycanın kişi həndbolçulardan ibarət “Bakı” komandası “Çağırış kuboku” uğrunda yarışlarda ilk oyununu keçirib.
NUHÇIXAN Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadla xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovinanın “RK Borak m:tel” komandası ilə qarşılaşıb. Bosniya və Herseqovinanın Banja Luka şəhərində yerləşən “Borik” İdman Arenasında keçirilən matç meydan sahiblərinin 36:19 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, matçın hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov, EHF nümayəndəsi isə bolqarıstanlı Andrey Andreyev olub.
Razılaşmaya əsasən, komandalar arasında cavab matçı da oktyabrın 14-də Bosniya və Herseqovinada keçiriləcək.
Cütün qalibi üçüncü mərhələdə Bosniya və Herseqovinanın digər təmsilçisi “HC Voqoska Poljine Hills” komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, ilk oyunda “Bakı” kollektivi nominal ev sahibi kimi çıxış edib.